Terms & Conditions
Xidmət Şərtləri
Bu Xidmət Şərtləri və İstifadə Qaydaları (bundan sonra “QAYDALAR” adlanacaq) “LTC AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “ŞİRKƏT” adlanacaq) tərəfindən idarə olunan, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 40 ünvanında yerləşən “LOTFI ZADEH TECHNOLOGY CENTER”-də (bundan sonra “LTC” adlanacaq) otaqların, onların içərisində yerləşən avadanlıqların və digər ləvazimatların əvəzli istifadəyə verilməsi ilə bağlı münasibətləri, şərtləri və qaydaları tənzimləyir.
Bu QAYDALAR-ı imzalamaqla, Siz, LTC-də istifadəyə götürdüyünüz otaqlardan, onların içərisində yerləşən avadanlıqlardan və digər ləvazimatlardan, habelə istifadə müddəti ərzində ŞİRKƏT-in Sizə təmin etdiyi xidmətlərdən (internetə çıxış, texniki xidmətlər, təhlükəsizlik, təmizlik və s.) bu QAYDALAR-da göstərilən şərtlərlə istifadə etməyi, müəyyən edilmiş xidmət haqqını ödəməyi, istifadə müddətinin sonunda isə onları ŞİRKƏT-ə geri qaytarmağı öhdənizə götürürsünüz.
Bu QAYDALAR eyni zamanda Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müqavilə hesab edilir. Bu QAYDALAR-ı imzalamaqla, Siz, ŞİRKƏT tərəfindən təklif olunan xidmətləri qəbul etdiyinizi və ŞİRKƏT ilə müqavilə münasibətlərinə daxil olduğunuzu təsdiq edirsiniz.
ŞİRKƏT QAYDALAR-a istənilən zaman Sizə xəbərdarlıq edərək düzəliş etmə hüququnu özündə saxlayır.
1. Xidmət şərtlərində istifadə olunan anlayışların izahı.
- İstifadəçi – LTC-də otaqları, onların içərisində yerləşən avadanlıqları və digər ləvazimatları müəyyən müddət üçün istifadəyə götürən, habelə digər xidmətlərdən yararlanan və bunun üçün ŞİRKƏT-ə haqq ödəyən şəxs;
- Tərəf – Şirkət və ya İstifadəçi;
- Tərəflər– Şirkət və İstifadəçi birlikdə;
- Xidmətlər - Görüş otağlarına giriş, internetə çıxış, otaq daxili avadanlıqlar, informasiya mənbələri və digər ləvazimatlarla təmin etmə üzrə xidmətlər;
- İstifadə müddəti – İstifadəçinin müvafiq ödəniş əsasında Xidmətlərdən yararlandığı zaman kəsiyi;
2. Tərəflərin öhdəlikləri:
- 2.1 İstifadəçi aşağıdakı öhdəlikləri üzərinə götürür:
- 2.1.1. Bu QAYDALAR-da müəyyən edilmiş müddətdə xidmət haqqını ödəməli;
- 2.1.2. Xidmətlərdən qanunsuz və ya bu QAYDALAR ilə qadağan edilmiş məqsədlər üçün istifadə etməməli;
- 2.1.3. Xidmətlərdən LTC internet əlaqəsinə, LTC serverinə qoşulmuş şəbəkələrə zərər verəcək, onları həddindən artıq yükləyəcək, onların əlaqəsini kəsəcək şəkildə və ya başqa üzvlərin Xidmətlərdən yararlanmasına mane olacaq şəkildə istifadə etməməli;
- 2.1.4. ŞİRKƏT-in əvvəlcədən yazılı razılığını almadan Xidmətlərin həyata keçirildiyi ərazidə xüsusi dalğa ötürücü və yayıcı avadanlıqları (router, repeater, marşrutizator, access point və s.), onların tənzimləyici qurğularını quraşdırmamalı, kabellər çəkməməli, kommunikasiya xətlərinə və daxili infrastruktura müdaxilə etməməli;
- 2.1.5. ŞİRKƏT-in əvvəlcədən yazılı razılığını almadan Xidmətlərin həyata keçirildiyi ərazidə hər hansı təmir işləri həyata keçirməməli;
- 2.1.6. ŞİRKƏT-in əvvəlcədən yazılı razılığını almadan Xidmətlərin həyata keçirildiyi ərazi və ya onun hissələri üzərində hər hansı hüquq və vəzifələri başqasına ötürməməli, girov qoymamalı, təkrar başqasına istifadəyə verməməli;
- 2.1.7. Komputer avadanlıqları xaricində digər avadanlıqların (qızdırıcı quraşdırılması, güc avadanlıqları, kustar üsulla hazırlanmış standartlara cavab verməyən elektriklə çalışan avadanlıqlar və s.) istifadəsi üçün ŞİRKƏT-dən icazə almalı;
- 2.1.8. LTC xidmətlərinə, hesablarına, komputer sistemlərinə və LTC serverlərinə qoşulmuş şəbəkələrə xakinq, şifrə əldə etmə və ya digər üsullarla icazəsiz daxilolma etməməli;
- 2.1.9. Xidmətlərdən yarışmalar, piramida sxemləri, zəncirvari məktublar, spam e-maillər, təkrarlayıcı və istənməyən mesajlar (kommersiya və ya başqa məqsədli) üçün istifadə etməməli;
- 2.1.10. Başqalarını təhqir, təhdid etməməli, onları cinsi qısnamaya məruz qoymamalı və onların hüquqlarını başqa yollarla pozmamalı;
- 2.1.11. LTC serverlerində, elan löhvələrində, tədbirlərində və digər LTC məkanlarında uyğunsuz, ədəbsiz, təhqir edici mövzular, materiallar və informasiya paylaşmamalı;
- 2.1.12. Əqli mülkiyyət qanunvericiliyi ilə qorunan şəkillər, fotolar, təsvirlər, proqram təminatları və digər materialları (İstifadəçiyə məxsus əqli mülkiyyət obyektləri istisna olmaqla) yükləməməli və ya paylaşmamalı;
- 2.1.13. Xidmətlərin həyata keçirildiyi ərazidə təməl təhlükəsizlik və sanitariya qaydalarına riayət etməli, ŞİRKƏT-in bu qaydalara əməl edilməsi haqqında göstərişləri icra etməli;
- 2.1.14. Xidmətlərin həyata keçirildiyi ərazidə özü və ya digər şəxslər olmadığı zaman bütün elektrik cihazları və qurğuların sönük vəziyyətdə, otaqlarda qapı və pəncərələrin qapalı vəziyyətdə olmasına nəzarət etməli;
- 2.1.15. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bir ildə iki dəfə keçirilən yanğın-təxliyyə, o cümlədən başqa profilaktik tədbirlər və təlimlər zamanı təhlükəsizlik xidmətinin təlimatlarına tam əməl etməyi, ehtiyac olarsa, Xidmətlərin həyata keçirildiyi ərazini boşaltmalı;
- 2.1.16. Tətbiq olunan hər hansı qanun və qaydaları pozmamalı;
- 2.1.17. İstifadə müddətinin əvvəlində və sonunda Xidmətlərin həyata keçirildiyi ərazidəki ona aid bütün əşyaları, özünün təmin etdiyi bütün şəxsləri, avadanlıqları öz hesabına gətirməli və aparmalı;
- 2.1.18. Xidmətlərin həyata keçirildiyi ərazinin divarlarına, pəncərələrinə, tavanına, döşəməsinə, qapılarına, avadanlıqların üzərinə bannerlər, vinillər, bukletlər, kiçik olsa belə kağız parçaları yapışdırmamalı;
- 2.1.19. Xidmətlərdən istifadə zamanı sakitliyə riayət etməli, özü və təmin etdiyi digər şəxslər başqalarını narahat edəcək səviyyədə yüksək səviyyədə danışmamalı, yüksək səslə musiqiyə və ya digər səs yazılarına qulaq asmamalı, istifadəsində olan avadanlıq və ləvazimatların salamatlığını təmin etməli;
- 2.1.20. Amortizasiya halları istisna olmaqla, Xidmətlərin həyata keçirildiyi ərazidə özünün təmin etdiyi şəxslərin təqsirindən baş verən dağıntıları və ya nasazlıqları öz hesabına aradan qaldırmalı;
- 2.1.21. İstifadə müddəti bitdikdə otağı, masaları, avadanlıq və ləvazimatları normal istismar dərəcəsi nəzərə alınmaqla aldığı vəziyyətdə geri təhvil verməli, bunun üçün müvafiq təhvil-təslim aktını imzalamalı;
- 2.1.22. Bu QAYDALAR ilə müəyyən edilmiş digər öhdəliklər.
- 2.2 ŞİRKƏT aşağıdakı öhdəlikləri üzərinə götürür:
- 2.2.1. İstifadəçinin tələbinə və ödənişə uyğun olaraq, Xidmətləri istifadəyə yararlı vəziyyətdə, istifadə müddətinin başlanması tarixində təhvil verməli;
- 2.2.2. İstifadə müddəti ərzində, bayram və istirahət günləri daxil olmaqla, rezervasiya müddəti ərzində LTC-ə maneəsiz daxil olmaq və oranı tərk etmək üçün İstifadəçiyə şərait yaratmalı;
- 2.2.3. Giriş sahələrinin və qapıların təhlükəsizliyi üçün zəruri və ondan asılı olan tədbirləri görməli, 24/7 məkanda təhlükəsizliyi təmin etməli;
- 2.2.4. Çalışma məkanını, habelə iclas otağını içərisində elektrik, kondisioner və isitmə sistemləri quraşdırılmış şəkildə təqdim etməli;
- 2.2.5. İstifadəçini kabel və ya simsiz internetə çıxış ilə təmin etməli;
- 2.2.6. Xidmətlərin həyata keçirildiyi ərazinin ümumi elektrik şəbəkəsindən elektrik enerjisi kəsildiyi təqdirdə öz elektrik generatorlarını işə salaraq elektrik enerjisi verilişini təmin etməli, elektrik verilişinin dayandırılması yalnız ümumi şəbəkədən deyil, təmir, texniki baxış və s. səbəblər üzündən dayandırıla bilər ki, bu barədə ŞİRKƏT İstifadəçini qabaqcadan məlumatlandırmalı (elektrik tezliklərinin kəskin dəyişməsi ŞİRKƏT-in iradəsindən asılı olmayan hal kimi qəbul edilir);
- 2.2.7. Xidmətlərin həyata keçirildiyi yerdə davamlı olaraq texniki xidmət göstərməli, bütün texniki nasazlıqları aradan qaldırmalı (bu bənd üzrə texniki xidmət İstifadəçi tərəfindən quraşdırılmış avadanlıqlara şamil olunmur);
- 2.2.8. Kommunal xidmətlər dayandırıldığı halda onların bərpası üçün ağlabatan müddətdə tədbirlər görməli;
- 2.2.9. LTC-nin təmizliyinə, mərtəbədəki sanitar qovşağın su ilə, eləcə də gərəkli avadanlıqlar və ləvazimatlarla təmin edilməsinə, mərtəbədəki kondisioner və isitmə sisteminin işlək olmasına nəzarət etməli;
- 2.2.10. LTC-də hər hansı bir əşyanın itirilməsi və ya məhv olması məsələsinin araşdırılmasına yardım etməli, ehtiyac olarsa hüquq mühafizə orqanlarını dəvət etməli və onlara yardım etməli (ŞİRKƏT sözü gedən hala görə cavabdeh deyildir);
- 2.2.11. Bu QAYDALAR ilə müəyyən edilmiş digər öhdəliklər.
3. Xidmətlərin təhvil-təslim qaydası
- 3.1. Tərəflərin razılaşdıqları Xidmətlər, İstifadəçi bu QAYDALAR ilə tanış olduqdan və onu imzaladıqdan, həmin Xidmətlər üçün müəyyən edilmiş xidmət haqqını ödədikdən sonra bu QAYDALAR-a əlavə edilmiş təhvil-təslim aktını (bundan sonra “Akt” adlanacaq) imzaladıqdan sonra təhvil verilir.
- 3.2. Aktın tərtib olunması üçün İstifadəçi şəxsiyyətini təsdiq edən sənədi zəruri məlumatların alınması üçün ŞİRKƏT-in nümayəndəsinə təqdim etməlidir;
- 3.3. Akt 2 nüsxədə İstifadəçi və ŞİRKƏT-in nümayəndəsi tərəfindən imzalanır.
- 3.4. Çalışma otağından istifadəyə görə Akt imzalandıqdan sonra ŞİRKƏT tərəfindən İstifadəçiyə Xidmətlərdən istifadə üçün Face Access təqdim edilir. Face Access-i əldə etdikdən sonra İstifadəçi LTC məkanına giriş icazəsinə malik olan şəxs hesab olunur.
- 3.5. İstifadəçi Aktı imzalayanadək Xidmətlərdən ondan başqa istifadə edəcək şəxslərin sayını ŞİRKƏT-ə bildirməlidir.
- 3.6. Xidmətlərdən istifadə müddəti başa çatdıqda İstifadəçi təhvil aldığı çalışma otağı, masa, iclas otağı, avadanlıq və digər ləvazimatları normal istifadə halları nəzərə alınmaqla, aldığı vəziyyətdə Akt əsasında ŞİRKƏT-ə geri qaytarmalıdır.
4. Xidmət haqqı və hesablaşmalar
- 4.1. ŞİRKƏT-in Qiymətlərin Razılaşdırılması Protokoluna əsasən xidmət haqqı əvvəlcədən ödənilir. Xidmətlər aylıq istifadə planına uyğun icra edildikdə ilk ayın ödənişi qabaqcadan, hər növbəti ayın ödənişi isə ən gec cari ayın ilk 2 (iki) günü ərzində ödənilməlidir.
- 4.2. Ödənilmiş xidmət haqqına görə İstifadəçiyə qanunvericilikdə göstərilən formada ödənişi təsdiq edən sənəd təqdim edilir.
- 4.3. Xidmət haqqının məbləğinə ƏDV daxildir.
- 4.4. Hesablaşmalar Azərbaycan manatı (AZN) ilə aparılır.
- 4.5. Tərəflər arasında müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra İstifadəçi tərəfindən ödənilmiş xidmət haqqı ŞİRKƏT-in birbaşa təqsiri olduğu hallar istisna olmaqla, geri qaytarılmır.
5. Tərəflərin bəyanatları
- 5.1. İstifadəçi aşağıdakıları bəyan edir və razılaşır ki:
- 5.1.1. Xidmətlərin istifadəsində öz azad iradəsi ilə iştirak edir;
- 5.1.2. Xidmətlərdən istifadə zamanı hər hansı informasiya itkisi, oğurluq, məkan daxilində şəxsi əmlaka zərər vurulması halına görə, bu neqativ hallar birbaşa ŞİRKƏT-in işçiləri tərəfindən icra olunmayıbsa, ŞİRKƏT məsuliyyət daşımır;
- 5.1.3. LTC məkanı daxilində zərər verdiyi istənilən əmlaka (LTC-ə, üzvlərə və qeyri-üzvlərə məxsus) görə tam məsuliyyət daşıyır;
- 5.1.4. ŞİRKƏT ilə müqavilə münasibətlərinə daxil olmaq və bu QAYDALAR-ın şərtlərinə əməl etmək üçün tam hüquq və fəaliyyət qabiliyyətinə, habelə zəruri səlahiyyətə sahibdir, bunun üçün əlavə heç bir icazə və ya notarial təsdiq tələb edilmir.
- 5.1.5. Xidmətlərdə iştirak və ya xidmətlərdən istifadə tərəfi olduğu hər hansı bir lisenziya, müqavilə və ya digər sənəd üzrə öhdəlikləri ilə ziddiyyət təşkil etməyəcək.
- 5.2. ŞİRKƏT bəyan edir ki:
- 5.2.1. üçüncü şəxslərlə müqavilə bağlamaq, LTC-də müvafiq xidmətləri təqdim etmək üçün tam hüquq və fəaliyyət qabiliyyətinə malikdir;
- 5.2.2. Xidmətlərin göstərilməsi zamanı müflis elan olunma və ya ləğv olunma prosesində deyil;
- 5.2.3. Xidmətləri göstərmək üçün qanunvericilikdə nəzərdə tutulan bütün zəruri lisensiya və icazələri əldə etmişdir;
- 5.3. Tərəflər bəyanatların doğruluğuna zəmanət verir;
- 5.4. Tərəflər verdikləri yanlış bəyanatlara görə qarşı Tərəfə dəyən ziyan üçün ziyan dəyərində məsuliyyət daşıyır.
6. Xidmətlərin icra müddəti və xitam
- 6.1. Xidmətlər Tərəflərin razılaşdıqları müddət ərzində icra olunur. Həmin müddət bitənədək Tərəflər arasında Xidmətlərin uzadılmasına dair əlavə razılaşma əldə olunmadığı halda müqavilə qüvvədən düşmüş hesab edilir.
- 6.2. Xidmətlərin müddətinin yenilənməsi zamanı bu QAYDALAR hər iki tərəfin razılığı ilə avtomatik olaraq yenilənir.
- 6.3. İstifadəçi Xidmətlərdən, fors-major halları istisna olmaqla, ŞİRKƏT-in bu QAYDALAR-da göstərilən öhdəliklərini yerinə yetirməməsinə görə istifadə edə bilmədikdə, Xidmətlərin icra müddəti ŞİRKƏT tərəfindən müvafiq öhdəliklərin icrası müddəti qədər uzadılır, bu mümkün olmadıqda, İstifadəçiyə alternativ Xidmətlər təklif edilir. Təklif olunan alternativ Xidmətlər ilə İstifadəçi razılaşmadıqda, ödənilən xidmət haqqı təmin edilə bilməyən Xidmətlərin həcmi nisbətində ona qaytarılır.
- 6.4. ŞİRKƏT aşağıdakı hallarda Xidmətlərə istənilən zaman, İstifadəçiyə xəbərdarlıq etmədən xitam verə bilər:
- 6.4.1. 3 (üç) və ya daha artıq üzv tərəfindən İstifadəçinin onların Xidmətlərdən istifadəsinə mənfi təsiri haqqında şikayət daxil olduqda;
- 6.4.2. Aylıq Xidmətlərin icrası zamanı növbəti ayın ilk 2 (iki) günü ərzində aylıq xidmət haqqı ödənilmədiyi halda;
- 6.4.3. İstifadəçi mənfi ictimai hadisələrin, siyasi və ictimai hüquqi mübahisələrin bir parçası olduqda;
- 6.4.4. İstifadəçi cinayət əməli törətməkdə təqsirləndirildikdə;
- 6.4.5. İstifadəçi Xidmətlərin həyata keçirildiyi ərazidə inzibati xətaya və cinayət əməlinə yol verərsə;
- 6.4.6. İstifadəçi LTC məkanında spirtli içkilərdən, tütün məmulatlarından, illeqal maddələrdən istifadə etdiyi halda;
- 6.4.7. İstifadəçi LTC üzvlərinə və üzv olmayan şəxlərə qarşı bullinq, cinsi və psixoloji qısnama sərgilədikdə;
- 6.4.8. İstifadəçi LTC üzvlərinə və üzv olmayan şəxslərə qarşı hörmətsizlik və qeyri-etik hərəkətlər sərgilədikdə;
- 6.4.9. İstifadəçi bu QAYDALAR üzrə digər öhdəliklərinə qərəzli şəkildə riayət etmədiyi halda.
7. Konfidensiallıq
- 7.1. Siz iştirakınız və xidmətlərdən istifadə müddətində konfidensial informasiyaya məruz qala bilərsiz. Konfidensial informasiya ŞİRKƏT, onun işçiləri, Xidmətlərdən istifadə edən üzvlər və digər şəxslər tərəfindən qismən və ya tamamilə paylaşılan və təbiət etibarı ilə qeyri-ictimai və məxfi olan informasiya hesab edilir.
- 7.2. Tərəflərdən hər biri bu QAYDALAR üzrə Xidmətlərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş konfidensial məlumatları qarşı Tərəfin qabaqcadan yazılı razılığını almadan yaymama barədə öz üzərilərinə öhdəlik götürürlər.
- 7.3. Xidmətlərin icrasının başa çatması və ya müqavilənin ləğv olunması Tərəflərin 8.1-ci maddədə nəzərdə tutulan öhdəliyinin qüvvəsinə təsir etmir.
8. Məsuliyyət
- 8.1. Tərəflər QAYDALAR-da nəzərdə tutulan öhdəliklərin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır.
- 8.2. İstifadəçinin təqsiri (qəsd və ya ehtiyatsızlığı) nəticəsində ŞİRKƏT-in əmlakının məhv olması və ya zədələnməsi riski müqavilənin başa çatdığı vaxtadək İstifadəçinin üzərinə düşür. Bu zaman İstifadəçi vurduğu ziyana görə ŞİRKƏT qarşısında tam maddi məsuliyyət daşıyır.
- 8.3. İstifadəçi LTC-yə dəvət etdiyi üçüncü şəxsləri LTC-də olduqları müddətdə müşayiət etməyə və ŞİRKƏT-ə vurduqları hər hansı zərərə görə onların adından məsuliyyət daşıyır.
9. Fors-major
- QAYDALAR üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən Tərəf, öhdəliyin yerinə yetirilməməsini fors-major hallarının, yəni
- 9.1. konkret vaxt hüdudunda meydana gələn, qabaqcadan görülməsi mümkün olmayan qarşısıalınmaz hallar səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısıalınmaz hallar aşağıdakılardır: təbii fəlakətlər, pandemiya, zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami, öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyətini istisna edən küləyin gücü, havanın hərarəti və çöküntülərin dərəcəsi, müvafiq dövlət orqanlarının qərarları və Tərəflərin icra olunmalı öhdəliklər üçün qarşısıalınmaz hal kimi müəyyən edə bildikləri digər hallar.
- 9.2. Bu zaman öhdəliklərin yerinə yetirilməsi müddəti yuxarıda göstərilən şəraitin mövcud olduğu dövr qədər uzadılacaq.
- 9.3. Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 5 (beş) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər Tərəfin vaxtında xəbərdar edilməməsi fors-major halına əsaslanma hüququ vermir.
10. Mübahisələrin həll edilməsi
- 10.1. Xidmətlərin icrasından və ya bu QAYDALAR-dan irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir.
- 10.2. Mübahisələr Tərəflər arasında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir.
- 10.3. Tərəflər arasında yaranmış mübahisələr 11.2-ci bənddə göstərilmiş qaydada həll edilə bilmədikdə, mübahisələrə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində baxılacaq.
11. Yekun müddəalar
- 11.1. Bu QAYDALAR ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır, bu QAYDALAR ilə müəyyən edilmiş müddəalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şərh edilir.
- 11.2. Bu QAYDALAR-ın hər hansı bir hissəsi, qismən və ya bütövlükdə hər hansı bir səbəbə görə keçərsiz, qeyri-qanuni və ya icra oluna bilməyən hesab edilərsə, bu, QAYDALAR-ın qalan hissələrinə təsir etməyəcək və QAYDALAR-ın qalan hissələri öz hüquqi qüvvəsini saxlayacaq.
- 11.3. Bu QAYDALAR Azərbayacan dilində tərtib edilmişdir, 4 (dörd) səhifədən ibarətdir, İstifadəçi tərəfindən hər ikisi eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə imzalanır.